Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncam ilə, Şahmar Mövsümovu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edib.
FED.az xəbər verir ki, digər bir Sərəncam ilə İsrafil Məmmədov İcraçı direktor təyin edilib.
Eləcə də bax: Prezident Administrasiyasına yeni rəhbər təyin edilib - SƏRƏNCAM
İndiyədək İsrafil Məmmədov Fondun direktor müavini idi.
Dövlət Neft Fondunun əvvəlki icraçı direktoru Şahmar Mövsümov isə Azərbaycan Prezidentinin köməkçisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.
Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilmişdir. Siz on ildən çoxdur ki, direktor müavini vəzifəsində işləyirsiniz, təcrübə toplamısınız. Mən qərara gəldim ki, sizi icraçı direktor vəzifəsinə təyin edim. Bu, böyük etimaddır. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.
Dövlət Neft Fondu bizim strateji aktivimizdir. Bu il biz Fondun yaradılmasının 20-ci ildönümünü qeyd edəcəyik. Əlamətdar hadisə ondan ibarətdir ki, “Çıraq” platformasından ilk neft çıxarılandan iki il sonra - 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılmışdır. Fondun yaradılması ulu öndər Heydər Əliyevin tarixi qərarıdır. Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi. Onu da bildirməliyəm ki, Neft Fondunun yaradılması ilə bağlı təklifi Ulu Öndərə mən vermişdim. O vaxt hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar. Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır. Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilmiş və orada oxşar fondların fəaliyyəti ilə tanış olmuşdur. Bundan sonra biz dünyada mövcud olan ən şəffaf və ən işlək model üzərində dayanıb onu qəbul etmişik və ötən 20 ilin təcrübəsi onu göstərir ki, bu, yeganə düzgün qərar idi. Deyə bilərəm ki, bu, tarixi qərar idi. Çünki Dövlət Neft Fondunun vəsaiti - orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.
Biz ölkə qarşısında duran önəmli sosial layihələri icra edə bilmişik. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz Dövlət Neft Fondunun vasitəsilə icra edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənibdir. Hər il Dövlət Neft Fondundan büdcəyə edilmiş transfertlər hesabına biz sosial layihələri icra edə bilirik, bu, maaşların, pensiyaların, müavinətlərin artırılmasına imkan yaradır. Eyni zamanda, ölkəmiz üçün strateji sayılan sahələri də Neft Fondu maliyyələşdirir. Onların arasında təhsillə bağlı olan layihələr var. Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil alması ilə bağlı təşəbbüs də Fond tərəfindən təmin edilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, digər önəmli strateji layihələr, qazma qurğularının tikintisi - bütün bunlar Dövlət Neft Fondunun vəsaiti hesabına icra edilib.
Bir sözlə, deyə bilərəm ki, bu gün Azərbaycan Dövlət Neft Fondu ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir qurumdur. Eyni zamanda, Fondumuzun beynəlxalq imici də çox müsbətdir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Fond BMT-nin mükafatı ilə təltif edilmişdir. Onu da bildirməliyəm ki, mənim təşəbbüsümlə Azərbaycan o vaxt Böyük Britaniyanın Baş Naziri tərəfindən irəli sürülmüş təşəbbüsə qoşuldu. Təşəbbüsün adı Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü idi. Azərbaycan bu təşəbbüsə qoşulan və onun bütün meyarlarını təmin edən ilk ölkələrdən idi. Uzun illər biz bu təşkilat çərçivəsində fəaliyyət göstərmişdik. Ancaq görəndə ki, artıq bu təşkilat öz mahiyyətini itirir, burada siyasiləşmə prosesi gedir və Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşma tətbiq olunur, biz məsələ qaldırdıq ki, əgər buna son qoyulmasa, Azərbaycan bu təşkilatdan çıxacaqdır. O vaxt mən bunu bildirəndə, sözün düzü, təşkilatın rəhbərliyi buna o qədər də inanmadı. Yadımdadır, o vaxt mənim təşkilatın rəhbər işçiləri ilə görüşüm keçirilmişdir və mən açıq dedim ki, mənim sözümlə əməlim arasında fərq yoxdur. Əgər deyirəmsə, biz buradan çıxacağıq və belə də oldu. O qərarı biz qəbul etdik, o, asan qərar deyildi. Çünki biz bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri kimi, bu təşkilatın formalaşmasında da önəmli rol oynamışdıq. Ancaq həyat göstərdi ki, nə qədər düzgün addım atıldı. Bizdən bir qədər sonra Amerika Birləşmiş Ştatları da bu təşəbbüsdən çıxdı və beləliklə, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü adlandırılan qurum tamamilə nüfuzdan düşdü və bu gün onun adı heç yerdə çəkilmir. Bu təşkilatda üzvlüyümüz, əslində, bizim niyyətimizə o qədər də böyük təsir etmədi. Çünki şəffaflıq bizim şüurlu seçimimizdir və bu gün Dövlət Neft Fondu dünyadakı suveren fondlar arasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biridir. Mən yaxşı bilirəm ki, buna oxşar bəzi fondlar son vaxtlar böyük itkilərə məruz qalmışdır, çünki onlar çox riskli siyasət aparırdılar, daha çox pul qazanmaq əzmində idilər. Bizim isə yanaşmamız, - mən bunu həmişə demişdim, - konservativ olmalıdır, mühafizəkar olmalıdır. Bizim əsas vəzifəmiz vəsaiti qorumaqdır və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır. Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir. Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, Fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni, biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində biz vəsait itirmədik və Fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də Fondun vəsaiti azalmadı. Mən imkan vermədim. Biz xərcləri azaltdıq, böyük qənaət tədbirlərinə yol açdıq, strateji valyuta ehtiyatlarımızı qoruduq və onları artırdıq. Deyə bilərəm ki, bu, çox nadir hallarda baş verən hadisədir. Çünki o dövrdə, neftin qiymətinin kəskin - 4 dəfə düşməsi dövründə bütün suveren fondlar böyük pullar itirdi. Milyardlarla, on milyardlarla dollar itirildi. Biz isə itirmədik, ona görə ki, çox düşünülmüş siyasət aparırıq.
Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir. Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıbdır. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır. Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq. Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik. Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik. Vergi və gömrük orqanları on ay ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik. Yəni, bir sözlə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də çox düzgün yanaşma, düşünülmüş siyasət və xalqın maraqlarına uyğun atılan addımlar, bax, bu gözəl nəticəni əldə etməyə imkan verdi.
Mən Fondun fəaliyyətini yüksək qiymətləndirirəm. Məhz buna görə Fondun icraçı direktoru Şahmar Mövsümov mənim tərəfimdən Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Əminəm ki, o, köməkçi kimi islahatların dərinləşdirilməsi istiqamətində önəmli rol oynayacaqdır.
Sizə isə tövsiyəm ondan ibarətdir ki, əldə olunmuş uğurları davam etdirəsiniz. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Dövlət Neft Fondu həm öz aktivlərini artırmalı, onları əmniyyətli şəkildə yerləşdirməlidir. Strateji resursumuz olan Neft Fondumuz daim ölkəmizin, xalqımızın mənafeyi üçün çalışmalıdır.
Artıq il başa çatır. Bu il əldə edilmiş nailiyyətlər və gələn il planlaşdırılan addımlar haqqında məlumat verin.
x x x
İsrafil MƏMMƏDOV: Möhtərəm cənab Prezident. İlk növbədə, göstərdiyiniz bu böyük etimada görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz dediyiniz kimi, bu il Azərbaycan Respublikasının Dövlət Neft Fondu Ulu Öndər tərəfindən yaradılmasının 20 illiyini qeyd edir. Qeyd etdiyiniz kimi, bu 20 il ərzində Dövlət Neft Fondu aktivlərin ildən-ilə artan, beynəlxalq səviyyədə nüfuzlu və şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan maliyyə qurumuna çevrilibdir.
Möhtərəm cənab Prezident, Sizin hər zaman verdiyiniz yüksək qiymət bizim üçün böyük şərəfdir. Biz - Dövlət Neft Fondunun kollektivi də həmişə Fondun Sizin qarşınızda götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində əlindən gələni əsirgəməyib. Təbiidir ki, bu nailiyyətlərin heç biri Sizin dəstəyiniz olmadan mümkün olmazdı. Fondumuzun bütün kollektivi də daim Sizin diqqətinizi hiss edib. Siz bütün işlərimizdə bizə dəstək olmusunuz.
Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, göstərdiyiniz bu böyük etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Çox minnətdaram, cənab Prezident.
Siz qeyd etdiyiniz kimi, bu il Fondun vəsaiti 10 faiz artıb və ilin axırına 42,5 milyard dollar həcmində gözlənilir. Qeyd etdiyiniz kimi, Fondun tarixində investisiya gəlirləri ilk dəfə olaraq 1,8 milyard dolları keçib. Bir daha Sizi əmin etmək istərdim ki, Fondun investisiya portfelinin daha da şaxələndirilməsi və risklərin azaldılması istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm.
x x x
Prezident İlham ƏLİYEV: Çox yaxşı. Mən əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirirəm. O cümlədən bildirmək istəyirəm ki, mən Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı fondlarının rəhbərləri ilə görüşlər keçirmişəm və çox böyük məmnunluq hissi ilə deyə bilərəm ki, onların da Fondumuz haqqında fikirləri çox müsbətdir. Azərbaycan Dövlət Neft Fondu nəinki ölkə ərazisində önəmli layihələr icra edir, eyni zamanda, dünyanın aparıcı fondları ilə də, - o fondların vəsaiti yüz milyardlarla ölçülür, - əməkdaşlıq edir və onlarla birlikdə müxtəlif sərmayə layihələrində iştirak edir. Bu, Fondun, ilk növbədə, nə qədər səmərəli təşkilat olduğunu göstərir. Digər tərəfdən, dünyanın vəsaiti yüz milyardlarla ölçülən aparıcı fondları öz reputasiyalarına çox böyük həssaslıqla yanaşırlar və onlar üçün pul əsas deyil. Onlar üçün əsas reputasiya və şəffaflıqdır.
Bizim üstünlüyümüz ondadır ki, Fondumuz təkcə bir xəzinə kimi yox, doğrudan da önəmli beynəlxalq təşkilat kimi ölkəmizin imicinə çox müsbət təsir göstərir. Hesab edirəm ki, gələcəkdə dünyanın aparıcı maliyyə qurumları ilə bizim əməkdaşlığımız dərinləşməlidir. Fondun investisiya portfelinin şaxələndirilməsi istiqamətində indi aparılan işlər qənaətbəxşdir. Ancaq həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq azriskli aktivlərə fikir verməliyik.
İndi Fondun komandası da çox təcrübəlidir, uzun illərdir ki, işləyir. Siz də on ildən çoxdur ki, müavin vəzifəsində işləyirsiniz. Əminəm ki, müsbət dinamika davam etdiriləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram.
İsrafil MƏMMƏDOV: Çox sağ olun, çox minnətdaram.