Dnya bazarında neftin qiymətinin büdcədə nəzərdə tutulandan artıq olması, eləcə də koronavirus pandemiyasının gözlənilən zəifləməsi nəticəsində bu il büdcənin gəlirləri gözləniləndən daha artıq ola bilər.
FED.az xəbər verir ki, bu barədə 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə prezident İlham Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda dünya bazarında neftin qiyməti büdcədəkindən artıqdır: «Büdcəmizdə neftin qiyməti 40 dollar götürülüb. Bu, çox konservativ, yəni, mühafizəkar yanaşmadır. Ancaq indi dünya bazarında neftin qiyməti 50 dollardan çoxdur. Əlbəttə, proqnoz vermək çətindir, amma nəzərə alsaq ki, pandemiya, bu il sona çatacaq, - artıq bir çox ölkələrdə peyvəndləmə işləri də gedir, - və beləliklə, iqtisadi fəallıq artacaq, gediş-gəliş artacaq, hava nəqliyyatı və digər sahələr açılacaq, yanacağa daha da böyük tələbat olacaq. Yəni, kifayət qədər böyük ehtimal var ki, neftin qiyməti hər halda 50 dollardan aşağı olmayacaq».
Bu variantda büdcənin gəlirləri də gözləniləndən artıq olacaq. Nəticədə Hətta Neft Fondundan götürülməsi nəzərdə tutulan vəsaitlərin bir hissəsinə ehtiyac qalmaya bilər: «Bunu nəzərə alsaq, bizdə profisit yarana bilər və siz indidən fikirləşin, bu profisit hansı istiqamətlərə yönəldilə bilər. Ola bilər ki, biz Neft Fondundan transfertləri azaldaq, əgər vəsaitə ehtiyac olmayacaqsa. Əgər ərazilərin bərpası üçün nəzərdə tutulan 2,2 milyard manat vəsait kifayət etməzsə, onda ola bilər bu vəsaitdən, yəni, əgər profisit yaranacaqsa, o istiqamətlərdə də istifadə etmək olar. Hər halda, bunu həyat göstərəcək. Birinci rübün yekunlarına baxdıqda görəcəyik ki, iqtisadiyyat hansı istiqamətdə gedir və ümumiyyətlə, dünyada hansı proseslər gedir».