Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, sənədə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olan, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçiriləcək.
Sığorta hadisəsinin baş verməsi barədə sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişini isə 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.
Başqa sözlə, 2021-ci ilədək olan sığorta hadisələri üçün ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti, bu tarixdən sonra baş verən hadisələr üçün isə Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək. Bu zaman Dövlət Sığorta Kommersiya Şirkətinin 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olacaq.
Fərmana Dövlət Sığorta Kommersiya Şirkəti 2020-ci il dekabrın 31-dən sonraya aid sənədlər üzrə həyata keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın soyadı, adı, atasının adı, FİN-i, sığorta ödənişinin məbləği və verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.