Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
FED.az xəbər verir ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb və Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.
Prezident İlham Əliyevin aylıq əmək haqqı 15 min manatdır. Başqa sözlə, dövlət başçısı Fonda 180 min manat ödəyib.
Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.
Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.