Prezident İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Eləcə də bax: Birləşmiş Ərəb Əmirliklərinin - YENİ PREZİDENTİ SEÇİLİB
FED.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi dövlət başçısını qarşılayıb.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar bir daha başsağlığı verən Prezident İlham Əliyev məhz onun səyləri nəticəsində bu gün BƏƏ-nin sürətli inkişafa nail olduğunu xüsusi vurğulayıb. Eyni zamanda, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə də ölkənin bu inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla dostluq və qardaşlıq münasibətlərinin əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi səfirliyə gələrək Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verməsinə görə dövlət başçısına minnətdarlığını ifadə edib və bunu ölkələrimiz arasında dostuq və qardaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Səfir əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Məhəmməd Əl Bluşi münasibətlərimizin inkişafında dövlət başçısı ilə BƏƏ-nin yeni Prezidenti arasındakı şəxsi əlaqələrin xüsusi rolunu qeyd edib.