Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.
FED.az xəbər verir ki, Məhəmməd bin Abdullah Əl Qərqavi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və vitse-prezident Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun salamlarını və xoş sözlərini dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və vitse-prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərinin olmasının əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Məhəmməd bin Abdullah Əl Qərqavi Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin dost və qardaş ölkə olaraq BƏƏ-ni sevindirdiyini diqqətə çatdırıb. Qonaq ölkələrimizin aidiyyəti nazirlikləri və dövlət təşkilatları arasında da yaxın əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.
Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzi ilə tanışlığını, bu konsepsiyanı böyük maraqla qarşıladığını, burada vətəndaşlara çox səmərəli və operativ xidmət göstərildiyinin şahidi olduğunu deyən Məhəmməd bin Abdullah Əl Qərqavi vətəndaş məmnunluğu prinsipi əsasında fəaliyyət göstərən “ASAN xidmət”in Azərbaycan Prezidentinin uzaqgörən və mükəmməl təşəbbüslərindən biri olduğunu məmnunluqla qeyd edib, bu sahədə əməkdaşlığın vacibliyini bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi nailiyyətlərin də dost və qardaş ölkə olaraq Azərbaycanı sevindirdiyini diqqətə çatdıran dövlət başçısı BƏƏ rəhbərliyi ilə dostluq münasibətlərini qeyd edib və ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. İkitərəfli əlaqələrimizin çox yaxşı səviyyəsindən çıxış edərək bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləşdirildiyini deyən dövlət başçısı bu xüsusda BƏƏ-nin aparıcı şirkətlərindən olan “Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsini qeyd edib.
Prezident İlham Əliyev işğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılardan danışıb, hazırda Azərbaycanın həmin ərazilərdə ən müasir şəhərsalma konsepsiyası tətbiq olunmaqla həyata keçirdiyi bərpa-quruculuq işləri barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.