“Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü”, - deyə dövlətimizin başçısı vurğulayıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında deyib.
Təkcə Bakı şəhərinin yox, bütün Azərbaycan şəhərlərinin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədildiyini bildirən Prezident deyib: “Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlər boyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir. Bir-birinə qardaş deyir. Eyni zamanda, bütün məsələlərdə biz bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir”.