Prezident İlham Əliyev Azərbaycan qazını Avropaya çıxaran Cənub Qaz Dəhlizinə maliyyə dəstəyinə görə Asiya İnkişaf Bankının (AİB) rəhbərliyinə təşəkkür edib.
FED.az xəbər verir ki, AİB rəhbərliyinin təşəbbüsü ilə prezident İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Video konfransa Azərbaycanın maliyyə naziri Samir Şərifov da qatılıb.
Dövlət başçısı bildirib ki, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür: «Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq».
Prezident AİB-nın Azərbaycanın ən iri layihələrindən olan qaz boru kəmərinə dəstəyini xüsusi qeyd edib: «Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir».
AİB-in prezidenti Masatsuqu Asakava isə Cənub Qaz Dəhlizi layihəsinin əsas mərhələlərinin başa çatması münasibətilə dövlət başçısını təbrik edib və bildirb ki: "Asiya İnkişaf Bankı da bu layihənin cari il ərzində tam başa çatdırılması məqsədilə maliyyə dəstəyini davam etdirəcək".