Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinə Azərbaycana investisiya yatırdıqlarına görə təşəkkür edib.
FED.az xəbər verir ki, dövlət başçısı bunu sözü gedən şirkətlərin rəhbərləri ilə yanvarın 9-da baş tutan görüşündə səsləndirib.
Eləcə də bax: Ərəblərin Azərbaycana yatıracağı – MƏBLƏĞ MƏLUM OLUB
Qeyd edək ki, ötən gün hər iki şirkətlə Azərbaycanın energetika nazirliyi arasında ölkəmizdə külək və günəş enerjisinin tikintisi haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən iki ərəb şirkəti Azərbaycana ümumilikdə 370 milyon dollar yatıracaqlar.
Prezident yanvarın 9-da sözü gedən şirkətlərin rəhbərləri - “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edərkən bildirib ki, bu müqavilə Azərbaycanda enerji layihələrinin inkişafında yeni səhifə açacaq: «Bizim hədəfimiz bərpa olunan enerji sektoruna investorlar cəlb etməkdir və bu İcra Müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, külək və Günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikiləcək. Biz bunu ölkəmizə, gələcəyimizə olan etimad hesab edirik».
Dövlət başçısı deyib ki, Azərbaycan özünü enerji ilə təmin edir və onu ixrac da edir, amma yeni stansiyaların tikintisi Azərbaycana imkan verəcək ki, qaza qənaət edib daha çox ixrac etsin.
İlham Əliyev bildirib ki, bu layihələr Azərbaycana gələcəkdə digər investorları da cəlb etmək imkanı verəcək: «Onlar «ACWA Power» və «Masdar»ın burada olduqlarını, yüz milyon dollarlıq investisiyalar qoyduqlarını, bizim gələcəyimizə etibar etdiklərini görəcək və bir çoxları sizin arxanızca gələcəklər».
«Bir daha xoş gəlmisiniz və bir daha Azərbaycanda investor olmaq qərarınıza görə sizə təşəkkürümü bildirmək istəyirəm».
«ACWA Power» şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan isə bildirib ki, bu - şirkətin Azərbaycana yatıracağı investisiyaların başlanğıcıdır. Şirkətin Azərbaycanla bağlı digər planları var.
«Minnətdaram ki, Siz bizi seçdiniz (yəni layihə ilə bağlı şirkət seçimində – FED.az). Bu investisiya bizim yüksək səviyyədə olan siyasi münasibətlərimizə uyğun olacaq. Bu, Səudiyyə Ərəbistanı tərəfindən müxtəlif sahələri əhatə edəcək investisiya qoyuluşunun başlanğıcıdır».
Ərəb şirkətinin rəhbəri bildirib ki, artıq aprel ayında şirkətin ofisi işə başlayacaq və Azərbaycan region üçün platforma olaraq istifadə ediləcək. Şirkət rəhbərinin sözlərinə görə, onlar Azərbaycanda təkcə bəppa olunan enerji mənbələri ilə deyil, qaz, yanacaq istehsalı ilə bağlı əməkdaşlıq etmək niyyətindədirlər.