Xəbər verildiyi kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir. Bu gün Prezident İlham Əliyev forum iştirakçıları ilə görüşərək onların suallarını cavablandırıb.
Prezidentdən ukraynalı jurnalistə cavab: "Heç vaxt işğalla barışmayın" - VİDEO
FED.az-ın məlumatına görə, dövlət başçısı, Azərbaycan və Rusiya arasındakı münasibətlərlə bağlı sualı da cavablandırıb. Məlum olub ki, Azərbaycan tərəfi AZAL-ın təyyarəsinin Rusiyada vurulması və bundan sonra baş verənlərlə bağlı Rusiya tərəfindən olduqca narazı qalıb.
Prezident: Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil
Dövlət başçısı bildirib ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasından 7 ay keçməsinə baxmayaraq, hələ də Rusiya rəsmilərindən cavab almamışıq:
“Bizim üçün hər şey aydındır. Biz nə baş verdiyini bilirik. Bunu sübut edirik. Bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardılar. Onlar da gözəl bilirlər ki, nə baş verib.
"Bizim tələbimiz təbii idi: öz günahlarını etiraf etsinlər, bizim təyyarəni vuranlar cəzalandırılsın və qurbanların, yaralıların ailəsinə və AZAL-ın təyyarəsinə də görə təzminat ödənilsin".
Prezident deyib ki, pilotların cəsarət və peşəkarlığı sayəsində təyyarədəki insanların hamısının həlak olmayıb. Rusiya tərəfi baş verənləri təyyarənin guya Ukrayna dronu tərəfindən vurulması kimi təqdim etmək istəsə də, bu qeyri-ciddi məlumatdır:
«Mən daha təfərrüatlı danışa bilərəm. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər, tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal Aktauya heyət göndərdik, onlar çəkiliş apardılar. Görüldü ki, təyyarə deşik-deşik edilmişdi. Hətta təyyarədə olan 2 nəfər qəlpə yarası almışdı. Yəni, Ukrayna dronunun bizim təyyarəmizlə toqquşması ideyası gülünc idi. Təsəvvür edin ki, Ukrayna dronu gəlir və Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdıb gedir ikinci dəfə bizim təyyarəmizlə toqquşur. Bu uşaq bağçası səviyyəsində olan hekayədir».
Dövlət başçısı bildirib ki, baş verənlərin səbəbkarı Rusiya tərəfi və bu sahə ilə məşğul olanların məsuliyyətsizliyidir:
«Rusiya hava məkanı qapadılmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulandan bir neçə dəqiqə sonra bağlanmışdı. Bu da məsuliyyətdir. Həmin o şəxslər vaxtında "xalça əməliyyatı"nı gec elan ediblər. Bu, gün kimi aydındır. Ancaq 7 aydır ki, biz cavab ala bilmirik. Bizim Baş Prokurorumuz müntəzəm olaraq, Rusiyanın təhqiqat komitəsinə məktub ünvanlayır və cavab bu olur ki, təhqiqat davam edir. Biz gözləyirik görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu cür davranmaq qeyri-məhsuldardır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik».
İlham Əliyev elan edib ki, Azərbaycan tərəfi AZAl təyyarəsi ilə bağlı ədaləti bərpa etmək üçün beynəlxalq ədliyyə sisteminə, başqa sözlə məhkəməyə müraciət etmək fikrindədir:
«Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, biz Beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən sənədlər hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. Malayziya Hava Yollarına məxsus "Boeing"lə bağlı təhqiqatın başa çatmasına 10 il lazım oldu ki. Ancaq biz ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf olsun ki, bugünkü gördüyümüz vəziyyət heç də bizim ikitərəfli münasibətlərimiz baxımından yararlı deyil».