Bir neçə gün əvvəl FED.az vasitəsilə hökumətə müraciət edərək, imtiyazlı təbəqələr üçün mənzilləri almağı təklif edən «Yeni Zığ Yaşayış Kompleksi»nin rəhbərliyinə hökumətdən cavab gəlib.
FED.az xəbər verir ki, şirkətin rəhbərliyi bu müraciətlə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəvət edilib və səslənən təklif müzakirə olunub.Nazirlikdən FED.az-a verilən məlumata görə, şirkətin müraciəti ilə saytdakı məlumatdan tanış olub və tikinti şirkətini görüşə dəvət ediblər: «Şirkət rəsmi qaydada məktubla bizə müraciət etmədiyindən əlaqə nömrələrini əldə edərək, məsul şəxsi dəvət etdik. Məsul şəxslə aidiyyəti şöbə arasında görüş keçirildi. Elə həmin görüşdə rəsmi məktublarını təqdim etdilər».
Nazirlikdə keçirilən görüşdə «Yeni Zığ yaşayış kompleksi»nin binasında tikinti işlərinin aparılması, həmçinin binalardakı mənzillər barədə məlumatlar təqdim edilib. Eləcə də, ötən illər ərzində Nazirlik tərəfindən alınmış mənzillər üçün qoyulmuş tələblər barədə şirkətin nümayəndəsinə məlumat verilib: «Mənzil alınması ilə bağlı satınalma planlarımız barədə nümayəndəyə məlumat verildi. Həmçinin yaxın müddət ərzində mənzillərin alınması ilə bağlı tender elan olunacağı nümayəndəyə bildirildi, dövrü mətbuatı və http://www.tender.gov.az saytını təqib etmələri tövsiyyə olundu. Bundan əlavə, nümayəndəyə təşkil olunacaq tenderdə iddiaçı kimi iştirak etmə hüququ izah edildi»-deyə nazirlikdən bildirilib.
Eləcə də bax: Azərbaycanda tikinti şirkəti hökumətə müraciət etdi - «EVLƏRİ BİZDƏN ALIN»
Qeyd edək ki, hər hansı şirkətin mətbuat vasitəsilə biznes təklifinə dövlət qurumunun belə operativ və məhsuldar reaksiyası Azərbaycanda ilk dəfədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən belə reaksiya qurumun həm sahibkarlara münasibəti, həm də keçirilən tender və satınalmalar prosesindəki şəffaflığa önəminin göstəricisi sayıla bilər.
Xatırladaq ki, «Yeni Zığ Yaşayış Kompleksi» Azərbaycanın dövlət qurumlarına müraciət edərək dövlət ehtiyacları üçün tələb olunan mənzilləri bu şirkətdən almağı təklif edib. Müraciətini FED.az vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlayan şirkətdən bildirilir ki, aztəminatlı və imtiyazlı təbəqələr üçün mənzil alışları ilə bağlı nazirliyə sərfəli təklif verə bilərlər.
«Yeni Zığ Yaşayış Kompleksində» 2 və 3 otaqlı mənzillər mövcuddur. 2 otaqlı mənzillərin sahəsi 99-106 kvadratmetr, 3 otaqlı mənzillərin sahəsi isə 110-114 kvadratmetr təşkil edir. Bu mənzilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və Qarabağ veteranları üçün mənzil alışları üçün təklif edirik».
Qeyd edək ki, imtiyazlı təbəqələr üçün mənzillər tam təmirli və mətbəx mebeli ilə birlikdə verilir. Şirkətdən bildirilib ki, bu şərtləri qarşılamağa hazırdırlar: «Nazirliyin ilkin razılığı və marağı olarsa bu məsələləri tam detallı müzakirə edib lazımi təklif irəli sürə bilərik».
Xatırladaq ki, bir qədər əvvəl nazirlik imtiyazlı təbəqə üçün alınan evlərin qiymətini də açıqlamışdı. Nazir Sahil Babayevin sözlərinə görə, hədəf qiymət 1 kvadratmetr üçün 800 manat ətrafındadır. Şirkət bu qiymətə hazır olduğunu bildirir: «Həmin evləri tam təmirli olaraq kvadratı 800 manatdan təmni edə bilərik».