Nazirlər Kabineti və Maliyyə Nazirliyi prezidentin bugünkü sərəncamına uyğun olaraq maaş artımı ilə bağlı işlərə başadıqlarını elan ediblər.
FED.az xatırladır ki, bu gün Tarif Şurasının qərarları ilə təbii qazın və elektrik enerjisinin qiymətləri artırılıb. Özü də əvvəlki artımlardan fərqli olaraq bu dəfə qiymət artımı əhalinin iqtisadi cəhətdən daha aşağı təbəqəsini əhatə edir.
Belə ki, əhali üçün ən kiçik limitlərdə belə qazın qiyməti 1 min kubmetr üçün 100 manatdan 120 manata, elektrik enerjisinn qiyməti isə 7-11 qəpikdən 8-13 qəpiyə qaldırılıb.
Bundan başqa, qazın və enerjinin qiymət artımı xidmət və ticarət, kənd təsərrüfatı, sənaye, hətta qazdoldurma stansiyalarına da təsir edib. Onlara satılan enerji və qazın qiyməti artıb.
Tarif Şurası bu qərarına dünya və Avropa bazarlarındakı qazın qiymət artımı ilə izah edib, halbuki, Avropa ölkələrindən fərqli olaraq Azərbaycan qazı xaricdən almır, özü hasil edir.
Bundan başqa, Tarif Şurası və İqtisadiyyat nazirliyi yaydığı açıqlamada qiymət artımının əhalinin büdcəsincə xərcləri cüzi artıracağını əsaslandırmağa çalışırdı.
Buna baxmayaraq qiymət artımının ciddiliyini, onun iqtisadiyyatın bütün sahələrinə təsir edəcəyin şübhə doğurmur.
Bunu nəzərə alaraq prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, ölkədə maaş, pensiya, sosial ödənişlər və müavinətlərin artırılması barədə təkliflər hazırlansın və bu artımlar üçün 2022-ci ilin büdcəsində nəzərə alınsın.
Nazirlər Kabinetindən bildirilib ki, artıq sözügedən təkliflərin hazırlanması üçün işlərə başlanıb.
Prezidentin tapşırığı ilə bağlı Maliyyə Nazirliyi də məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, əməkhaqları, pensiya və müavinətlərin artırılmasının gələn ilin dövlət büdcəsində əks etdirilməsi üçün işlərə başlanılıb. Onun sözlərinə görə, Maliyyə Nazirliyi aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə prezidentin sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə başlayıb:
«Bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir. Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Nazirlər Kabinetinə təqdim olunacaq»-deyə nazirlik bildirib.