Azərbaycanda fərdi evlərin dövlət qeydiyyatına alınması daha d sadələşib. FED.az xəbər verir ki, bu Mülki Məcəlləyə edilən dəyişikliklər nəticəsində mümkün olub. Prezident İlham Əliyevin təsdiqlədiyi dəyişiklik Məcəllənin 139-1.1.10.2-ci maddəsinə aiddir.
Bu maddədə “orqanına” sözündən sonra “ sifarişli poçt göndərişi ilə və ya bilavasitə ” sözləri əlavə edilib.
Dəyişiklikdən sonra adı çəkilən maddə belədir:
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
Bu dəyişiklik o deməkdir ki, bundan sonra fərdi ev tikən şəxs bu barədə yerli icra hakimiyyətinə məlumatı poçtla göndərəndə, göndəriş barədə məlumat əmlakın qeydiyyatı üçün əsaslardan sayılacaq. Başqa sözlə, icra hakimiyyətinin cavabını gözləmək tələb olunmayacaq. Bununla yanaşı, həmin şəxs evin tikildiyi torpaq üzərində mülkiyyət, icarə və istifadə hüququ, eləcə də evin layihəsini təqdim etməlidir.
Həyət evlərinin qeydiyyatı asanlaşdı – QANUNDA DƏYİŞİKLİK
21:33
4 Dek 2017