Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.
FED.az xəbər verir ki, müraciətində H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.
Qeyd edək ki, H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq, XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.