Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir.
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Prezident çıxışı zamanı tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət edib. “Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Dövlət başçısı qeyd edib ki, artıq Hadrutun bərpası işlərinə start verilib. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi.