Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Mehdiyev Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov tərəfindən kollektivə təqdim edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən FED.az-a bildirilib ki, Əli Əsədov Səfər Mehdiyevin həyat yolu, ölkədək iiqtisadi proseslərdə gömrük orqanlarının fəaliyyətindən danışıb.
Prezidentin köməkçisi bildirib ki, son illər dövlət başçısı tərəfindən gömrük sahəsində aparılan islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Əli Əsədov ölkəmizdə gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edib və verilən tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib.
Komitən sədri, Səfər Mehdiyev ona göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını bildirib və gömrük orqanları qarşısındakı vəzifə və tapşırıqların uğurla icra olunacağını vurğulayıb.