Qırmızı Körpü sərhəd-keçid məntəqəsində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi bu ilin sentyabrında istifadəyə veriləcək
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib ki, bu barədə avqustun 27-də Tovuz rayonunda “Bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesi” mövzusunda seminarın açılış mərasimində deyilib. Seminar Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin əməkdaşları üçün nəzərdə tutulub. Tədbir “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafina dəstək” layihəsi çərçivəsində təşkil olunub.
Eləcə də bax: Gələn həftədən gömrük yığımlarının - MƏBLƏĞİ ARTIR
Seminarda layihə rəhbəri Məzahir Əfəndiyev Dövlət Gömrük Komitəsinin gömrük xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara verdiyi töhfənin və layihənin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, layihə çərçivəsində Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan və Gürcüstan tərəflərində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi və sanitar, fitosanitar və baytarlıq nəzarəti üzrə laboratoriyanın rəsmi açılış mərasimləri bu ilin sentyabrında keçiriləcək. Qeyd edil ki, sözügedən Mərkəz və laboratoriya, eləcə də hər iki ölkənin gömrük işçiləri üçün davamlı olaraq keçirilən bu cür təlimlər regional səviyyədə ticarət imkanlarının genişlənməsinə və qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək.
Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov layihənin nailiyyətlərinə toxunub, həmçinin Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rolunu qeyd edib.
C.Qasımov Azərbaycanda son illər mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi zamanı sanitar, fitosanitar və baytarlıq nəzarəti istiqamətində görülən işlərdən bəhs edib. O bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı nəzərəçarpacaq dərəcədə artıb. C.Qasımov gömrük rəsmiləşdirilməsi proseslərinin asanlaşdırılması və sadələşdirilməsi, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını deyib.
Xatırladaq ki, “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə 2016-cı ildən həyata keçirilir. Layihə çərçivəsində indiyədək Qırmızı Körpü sərhəd-keçid məntəqəsində digər tədbirlərlə yanaşı, sanitar, fitosanitar və baytarlıq nəzarəti, həmçinin bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesinin təkmilləşdirilməsi məqsədilə Avropa və yerli ekspertlər tərəfindən gömrük əməkdaşları üçün bir sıra milli və beynəlxalq təlimlər keçirilib.