"Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır”
Pandemiyanın törətdiyi iqtisadi reallıq da bizə nümayiş etdirdi ki, iqtisadiyyatımız, özəl sektor, ən əsası isə özəl sahənin dövlətlə münasibətləri daha çevik olmalıdır. Vergi sahəsindəki şəffaflaşdırma tədbirlərinin əhəmiyyəti hər kəsə məlumdur. Dövlətin zərər çəkmiş sahibkarlara maddi dəstək etməsi üçün şəffaf və qanuni müstəvidə fəaliyyət, işçilərlə əmək müqaviləsinin vacibliyinin başlıca səbəb kimi irəli sürülməsi çox uğurlu addımdır və nəticələrini görürük. Ancaq təəssüflə qeyd etməliyəm ki, hələ də elə sahələr var, dövlətin iqtisadi siyasətində izlənən novator tendensiyalardan geri qalır, prosesə özünün mühafizəkar yanaşması, “statistik nailiyyətlər” əldə etmək istəkləri ilə həm özəl sferanın, həm də vətəndaşların narazılığına səbəb olur”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, bu sözləri ilə konkret olaraq Dövlət Gömrük Komitəsinin fəaliyyətini nəzərdə tutur. Belə ki, həm qurumun işi, həm də Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərar nə mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir.
“Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” var.
Bugünlərdə həmin qaydalara dəyişiklik edilib. Biz son iki ildə, xüsusilə pandemiya ilə əlaqədar son yarım ildə adət etmişik ki, dövlətin iqtisadiyyatla bağlı islahatları liberal xarakter daşıyır.
Yəni XXI əsrdə, internet yüzilliyində, sərhədlərin açıq və şəffaf olduğu bir dövrdə dövlətin əsas məqsədi bu şəraitdən istifadə edən sahibkarlar və vətəndaşlara maksimum iqtisadi azadlıqlar verməkdən ibarətdir. Yetər ki, fəaliyyətin qanuni olsun və vergini ödəyəsən. Son dəyişikliklərdə isə biz bunun tam əksini görürük” – deyən E.Allahverdiyevin sözlərinə görə, əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb.
“Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır” - deyə millət vəkili təəccüblənir.
“Görəsən, Dövlət Gömrük Komitəsi bu cür təkliflər irəli sürəndə hansı “mötəbər” informasiyaya, iqtisadi təhlillərə əsaslanır, dövlət büdcəsinə nə qədər əhəmiyyətli əlavə rüsum toplamaqla töhfə verəcəyini düşünür?” - deyə sual verən deputat hesab edir ki, “iqtisadiyyatın faktiki dayandığı bir dövrdə, dövlətin işləməyən vətəndaşların və zərər görmüş sahibkarların yükünü öz üzərinə götürüb dövlət büdcəsindən vəsait xərclədiyi zamanda, öz gəlirlərinin azaldığı reallıqda ümidini bir parça çörəyə bağlamış vətəndaş üçün yaradılan, onsuz da yersiz olan məhdudiyyət heç bir məntiqə sığmır”.
Dəyişikliklərə əsasən, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Halbuki indiyə qədər bu məbləğ 1000 ABŞ dolları idi.