Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İran İslam Respublikasından şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub.
Eləcə də bax: Gömrük Komitəsi də məhdudiyyətlərə başladı - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Martın 18-dən bu məhdudiyyətlər Rusiya ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək.
DGK-ya çoxsaylı müraciətləri nəzərə alaraq bir daha bildiririk ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və yüngül minik avtomobillərinə aiddir. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur.
Virusun geniş yayıldığı İrandan Azərbaycana gələn nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra sərhədə yaxın ərazidəki xüsusi terminala yönləndirilir. Terminalda yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı nəqliyyat vasitələrinə boşaldılaraq təyinat nöqtəsinə yola salınır.
Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin isə ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir.
Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.
Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır.
Xarici ticarət iştirakçılarının diqqətinə onu da çatdırırıq ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, 20 mart tarixi də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək.