Prezdent İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.
FED.az-ın məlumatına görə, fərmana əsasən Ətraf mühitin mühafizəsi departamentinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradılıb.
Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılıb.
Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilib və onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçiriləcək. Habelə həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilib.
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilib və onun işçilərinin say həddi daxilində Nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılacaq. Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb.
Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
- Azərbaycan Respublikasının Prezidentinə:
- Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
- Agentliyin yenidən təşkili və ləğv edilməsi;
Müəyyən edilib ki:
- Agentlik “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq təsərrüfat və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir;
- Agentliyin nizamnamə fondu Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaiti, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Agentliyə verilən aktivlər, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Nazirlər Kabineti:
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarla bağlı aşağıdakıları təmin edən tədbirlər görsün və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli:
- Şuşa İriləşdirilmiş Meşəbəyiliyinin, Ağdərə Meşə Təsərrüfatının, Kəlbəcər Meşə Təsərrüfatının, Laçın Meşə Təsərrüfatının və Zəngilan Meşə Təsərrüfatının ləğv edilərək, onların əsasında Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzinin yaradılmasını;
- İqlim Dəyişmələri və Ozon Mərkəzinin, İqlim Bazası və Kommunikasiya Mərkəzinin, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi, Mineral Xammal Analitik və Elmi Tədqiqatlar Mərkəzinin, Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzinin, İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun, Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin, Geofiziki Ekspedisiyanın, Şərq Geoloji Axtarış Ekspedisiyasının, Qərb Geoloji Axtarış Ekspedisiyasının, Geoloji Planaalma Ekspedisiyasının və Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının, Samux Dövlət Ovçuluq Təsərrüfatının, Zooloji Parkın və Layihələrin İcra Qrupunun ləğv edilməsini;
- Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya – Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında vahid qurumun yaradılmasını;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, habelə bu Fərmanın 1–3-cü hissələri ilə yaradılan dövlət orqanlarının əsasnamələrinin layihələrini və işçilərinin say həddi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
- Dövlət İmtahan Mərkəzi ilə birlikdə strukturuna daxil olan və bu Fərmana əsasən ləğv edilən dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görməli;
- bu Fərmana əsasən ləğv edilən dövlət qurumlarının işçilərinin Nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görməlidir.