Ermənistanın Təhlükəsizlik Şurasının martın 28-də keçirilən iclasında təklif olunub ki, Azərbaycanla sülh danışıqlarına start verilsin. Qarabağda Azərbaycan ordusunun mövqe dəqiqləşdirmələri və Xankəndidəki separatçı qurumda izlənən təlaş fonunda rəsmi İrəvanın bu təşəbbüsünün arxasında hansı gözləntilər dura bilər?
FED.az xəbər verir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin fikrincə, Ermənistanda aydın görürlər və anlamağa başlayıblar ki, Azərbaycan Qarabağda məskunlaşmış quldur terrorçu dəstələrin neytrallaşdırılması və ərazisindən çıxarılması ilə özü məşğul olacaq. Bu səbəbdən Yerevan mövcud reallıqdan nə isə əldə etmək niyyəti güdür.
Söhbət təbii ki, yerli ermənilərin hansı statusda Azərbaycan ərazisində yaşayacaqlarından gedir: “Son bir neçə ayda Ermənistanın rəsmi şəxsləri bu məzmunda bir neçə bəyanat veriblər. Bu bəyanatları birləşdirən ümumi xətt ondan ibarətdir ki, Paşinyan hökuməti münaqişəyə ərazi deyil, insan hüquqları prizmasından baxır. Bu nə deməkdir? Yəni bilmək istəyirlər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı tədqirdə yerli ermənilərə hər hansı status veriləcəkmi?”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ən yüksək səviyyədə bu məsələyə münasibətini artıq bildirib: “Cənab Prezident hələ Vətən müharibəsi ərzində və sonra bir neçə dəfə bəyan edib ki, Qarabağdakı ermənilərə hər hansı xüsusi status barədə söhbət gedə bilməz. Erməni vətəndaş üçün verilə biləcək ən yüksək status Azərbaycan vətəndaşlığıdır. Görünür, Yerevanda bu mövzu ətrafında tərəddüdlər yaşanır. Bir tərəfdən üçtərəfli bəyanatın 4-cü bəndi icra olunmur, yəni terroçu qruplaşmalar çıxarılmır, digər tərəfdən də Azərbaycanla sülh danışıqlarına başlanılması təklif edilir. İstisna deyil ki, burada xarici təsirlərin ciddi rolu var”.
Milli Məclisin deputatı dediklərinin sübutu olaraq olduqca maraqlı bir məqamı xatırlamağı vacib sayır: “Bir müddət öncə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan təklif etdi ki, qanunverici orqanda “Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil olması” məsələsi müzakirə olunsun. Hüququ yanlışlıqları kənara qoysaq, Paşinyanın ən yaxın silahdaşlarından birinin bu təklifi ciddi maraq doğurur. Bu fakt bir daha göstərir ki, rəsmi Yerevanda həm fikir yekdilliyi yoxdur, həm də bir çaşqınlıq hökm sürür”.
E.Allahverdiyevin sözlərinə görə, Ermənistanla sülh danışıqları və yekun müqavilə rəsmi Bakının irəli sürdüyü 5 bəndlik təklifin əsasında ola bilər: “Ermənistanla sülhə gəlmənin bir tezisi mövcuddur: ərazi bütövlüyümüzü tanıyacaqsınız. Qarabağ Azərbaycandır! Bunu nə qədər tez qəbul etsələr, o qədər xeyirlərinədir. Terrorçuların ərazimizdən çıxarılması bu məqama gedən yolda başlıca hədəfdir. Çıxarmayacaqlar, özümüz çıxaracağıq. Sülhməramlıların arxasında daima gizlənə bilməzlər. Bir il gizləndiniz, nə əldə etdiniz? Odur ki, Ermənistan TŞ-nın təklifinə bir cavab ola bilər: silahlı separatçı tör-təküntülərinizi ərazilərimizdən çıxarın! Onlar çıxmayınca sülh danışıqlarından söhbət gedə bilməz”.
Millət vəkili bildirib ki, bu tələb rəsmi Bakı tərəfindən dəfələrlə səsləndirilib və bunsuz sülh danışıqlarının mənası yoxdur: “Prezident İlham Əliyev dəfələrlə deyib, XİN-nin bəyantları var. Son olaraq Milli Məclisin sədri Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşdə bəyan etdi. Üçtərəfli müqavilənin 4-cü bəndi icra olunmalı, quldur dəstələri Qarabağı tərk etməlidirlər”. (Qafqazinfo)