İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.
FED.az-ın xəbərinə görə, Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, düşmənin silahlı qüvvələri bu gün 11 oktyabrda gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.
Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.