Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistan tərəfinin son illər yenidən sürətlə silahlanması Azərbaycanı hərbi xərclərini sürətlə artırmağa vadar edib. Nəticədə Azərbaycanın hərbi büdcəsi rekord səviyyəyə yüsəlib.
FED.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
«Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik».
Dövlət başçısının sözlərindən məlum olub ki, Ermənistanın silahlanması nəticəsində Azərbaycan əslində azad edilmiş ərazilərə xərcləməli olduğu vəsaiti hərbi xərclərə yönəltməli olub: «Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir».