"Artıq Ermənistan tərəfi bu reallığı qəbul etməlidir ki, işğaldan azad olunmuş Qubadlı və Zəngilan rayonları ərazisindən Azərbaycan və Ermənistan arasında olan sərhəd xətti keçir".
FED.az xəbər verir ki, bunu bu gün Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Dövlət rəsmisi bildirib ki, Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir:
"Sərhədin əks tərəfindən mövqelərimizə hücumlar həyata keçirilir. Bu da Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin. Azərbaycanın bu kimi legitim hərbi hədəflərə qarşı zəruri tədbirlər götürmək üçün BMT nizamnaməsinə uyğun olaraq zəruri hüquqları var. Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir. Sərhədlərin toxunulmazlığı təmin edilməlidir" (Qafqazinfo).