“Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir”.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev martın 18-də Tərtər rayonunun Talış kəndində xalqa Novruz Bayramı münasibətilə təbrikində bildirib.
Dövlət başçısı deyib ki, Ermənistan özünə yeni müttəfiqlər axtarsa da, bunun faydası olmayacaq: «İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq».
İlham Əliyev xatırladıb ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün öz ərazisini qorumağa çalışır: «Qarabağ Ermənistandır və nöqtə» deyən Ermənistan rəhbərliyi bu gün görün nə deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. Bunu işğal dövründə niyə demirdi?».
Prezidentin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək və sülh bağlamaqdan başqa yolu yoxdur: «Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər.
Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik».