Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə FED.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.