“İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Bir də son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm”.
Eləcə də bax: İlham Əliyev Qarabağ ermənilərinə müraciət edib
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə: “Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni, bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər.
O ki qaldı, artıq müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək. Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Çünki bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir.
Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.