“Bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur”.
Eləcə də bax: Azərbaycanın üç rayonu Suqovuşan su anbarından istifadəyə başlayıb
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.
Azərbaycan Prezidenti bildirib ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi.
Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq”, - deyə Prezident İlham Əliyev əlavə edib.