"Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm.
Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm".
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşdə bildirib.
Çıxışında Minsk Qrupunu dəfələrlə fəaliyyətsizlikdə ittiham edən prezident onları kamera qarçısında çıxışa dəvət edib, amma bildirib ki, istəsələr kamera qarşısında danışmaya bilərlər.
Dövclət başçısına müraciət edən ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti da etiraf edib ki, həmsədr ölkələr son 28 il ərzində öz mandatları əsasında iki tərəf arasında məsələnin nizamlanmasına şərait yaratmalı idilər:
"Mən Sizin tərəfdən verilən maraqlı təklifləri yüksək dəyərləndirirəm. Biz bunun üzərində çalışacağıq və tərəflərin iradəsinə uyğun olan variantı tapmağa vasitəçi olaraq çalışacağıq. Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayıb. Biz noyabrın 9-dan 10-na keçən gecə əldə olunmuş razılaşmanın bütün müddəalarına çox müsbət yanaşırıq".
Fransalı həmsədr etiraf edib ki, bu mövzu ilə bağlı gündəlik dəyişib və bundan sonra Minsk Qrupu ilə işləyib-işləməməmk prezidentdən asılı olacaq:
"Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaqdır".
Həmsədr prezidentin onları Bakıya dəvət etmədiyi ilə bağlı fikirlərinə də münasibət bildirib: "Mən, əlbəttə ki, sizin indi açıq şəkildə söylədiyiniz fikirləri öz hökumətimə məruzə edəcəyəm. Əlbəttə ki, Bakıda olmağımız, belə başa düşürəm ki, dəvət əsasında olub. Dəvət olmasaydı, mən gəlməzdim. Ola bilsin, bu missiyanın təşkilində, yazışmada qeyri-aydınlıq olub. Lakin mən bizi bu görüşdə qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən sözlərinizi lazımi qaydada Prezidentimə və hökumətimizə çatdıracağam".