Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov Azərbaycandan çıxışına qadağa qoyulduğuna dair məlumatları təkzib edib.
Qeyd edək ki, yayılan iddialara görə, Ə.Həsənov ölkəni tərk edərkən hava limanından geri qaytarılıb.
Bu barədə FED.az-a açıqlama verən Ə.Həsənov məlumatların yalan olduğunu bildirib:
Eləcə də bax: Əli Həsənov vəzifədən azad edilməsinə münasibət bildirdi - MƏTN
«Məni kim, hansı səbəbdən saxlamalıdır?! Bunların hamısı şayiədir. Mənim hansı səhvim, nöqsanım var ki, ölkədən çıxışıma qadağa qoyalar?! Mən səhhətimdə yaranmış problemlərlə bağlı hazırda Almaniyadayam və müayinədən keçirəm. Burda da gizli nə isə yoxdur. Bunların hamısı aranı qarışdırmaq, Azərbaycanın siyasi həyatını çalxalamaq, seçkilərin indiki mərhələsində ölkənin daxili, ictimai-siyasi həyatında problemlər yaratmaq cəhdləridir. Belə şeylərə heç vaxt fikir verməyin. Bunların hamısı cəfəngdir. Mən 25 il bu dövlətə xidmət etmiş, Azərbaycanın həyatının bütün çətin mərhələlərində sinəmi qabağa verib keçmiş biriyəm, nəyə görə məni hava limanında saxlamalıdırlar?! Bunların hamısı boş söhbələrdir. Bunu yazanlar Azərbaycan dövlətinin zəmininə bomba yerləşdirib, əhalini içəridən, daxldən qaynadıb çaxnaşma salmaq, sabitliyi pozmaq istəyənlərdir”.
Sabiq şöbə müdiri artıq 4 gündür Almaniyada olduğunu vurğulayıb:
«Mən ayın 25-dən Almaniyadayam. Yoxlamalardan keçirəm. Bilirsiniz ki, infarkt olmuşam, 2 dəfə açıq ürək əməliyyatı keçirmişəm. Son zamanlar səhhətimdə problemlər artdığından hazırda Almaniyadayam. Müayinələr bitdikdən sonra Azərbaycana qayıdacağam».