Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyətini yoxlayıblar.
FED.az xəbər verir ki, Sərhəd Xidmətinin və Gömrük Komitəsinin rəhbərləri sərhədiən keçən şəxslərlə söhbət edib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanlarını müzakirə ediblər.
"Samur" gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.
Eyni zamanda, E.Quliyev, S.Mehdiyev və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinin qarşısında olan ərazilərin abadlaşdırılması ilə əlaqədar bir sıra məsələləri müzakirə ediblər.