“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası” təsdiqlənib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Eləcə də bax: Nazirlər Kabinetinin - SƏLAHİYYƏTİ ARTIRILIB
Nazirlər Kabineti Qaydaya əlavələr edilməsini qərara alıb.
Qərarla ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödənilməsi məbləği bir saat üçün 15 manat müəyyən edilir.
Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi üçün sərf olunan vaxta əsasən, saat normaları aşağıdakı kimidir:
ekspert şurası üzvlərinin ekspert şurasının iclasında iştirakı - 3 saat;
fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 12 saat;
elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 16 saat;
xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 8 saat;
xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 12 saat;
professor elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 6 saat;
dosent elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat;
xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 2 saat;
xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat.
Ekspert şurasının sədri, sədr müavinləri və elmi katiblərinin ekspert şurasının iclasında iştirakına bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilən saat normasının ikiqat əmsalı tətbiq edilir.
Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödəniş haqları Komissiyanın xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
“Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında” Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli qərarının müddəaları Komissiyanın nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsinə şamil edilmir.