Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.
Eləcə də bax: Bizə təqvim verilərsə, sabah da dayanmağa hazırıq - İlham Əliyev
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən FED.az-a bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.
Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.
5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.
10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.
9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.
Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.