“Gömrük Komitəsinin sədrinin məlum müsahibəsindən sonra deputatlara təpkilər artıb. Ancaq Milli Məclis bütün dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.
Eləcə də bax: Gömrük sədri: "Bəzi deputatlarımız gömrüyün şəffaf işləməyə başladığına inana bilmir"
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentdə deyib. O qeyd edib ki, Gömrük Komitəsi də bu qəbildən olan qurumlardandır: “Bu müsahibədə sanki bir anlaşılmazlıq var. Hər halda Gömrük Komitəsindən bu məsələlərə aydınlıq gətirilməlidir. Çünki deputatlar anlayışı cəm şəklində olan anlayışdır”.
Milli Məclisin sədri Sahibə Qafarova deputatın fikirlərinə reaksiya verib: “Dünən Səfər Mehdiyev mənə telefon açıb təəssüf hissi ilə qeyd edib ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. Səfər müəllim bildirdi ki, o müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tutub”.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə verdiyi müsahibədə deputatların xaricdən məhsul gətirib satdığını bildirmişdi: “Bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.