Prezident İlham Əliyevin sərəncamına əsasən Ermənistanın hərbi təxribatı nəticəsində Tovuz rayonuna dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanıb.
Eləcə də bax: Prezidentin göstərişi ilə Tovuza və əhaliyə dəyən – ZƏRƏR HESABLANIR
FED.az xəbər verir ki, hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti hazırda mütəxəssislər tərəfindən öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır.
Artıq mütəxəssislərdən ibarət 3 qrup Tovuz rayonunun atəşə məruz qalmış yaşayış məntəqələrində - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində 61 fərdi ev və təsərrüfat sahəsinə baxış keçirib. Baxış zamanı müəyyən olunub ki, 6 ev və yardımçı tikili tam yararsız vəziyyətə düşüb və əsaslı tikinti tələb olunur. Bundan başqa, 15 ev və yardımçı tikili, habelə tövlələrə ciddi zərər dəydiyi, 40 ev və təsərrüfatda isə yüngül fəsadlar olduğu müəyyənləşdirilib.
Bunlarla yanaşı, artilleriya atəşi nəticəsində fərdi təsərrüfatlara da ciddi ziyan dəyib. Belə ki, kənd sakinlərinin 20-25 xırdabuynuzlu heyvanı və 70-75 ev quşu tələf olub, qış ehtiyatı üçün toplanan 300-350 ot bağlaması tamamilə yanıb, bir sıra vətəndaşların şəxsi avtomobilləri mərmi qəlpələrindən ciddi zədələnib, 15 evdə vətəndaşların məişət əşyaları və həyətyanı əkin sahəsi zərər görüb.
İşçi qruplar tərəfindən dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə də baxış keçirib.
Hazırda vətəndaşların evlərinə, yardımçı tikililərinə, şəxsi əmlak və əkin sahələrinə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir. Dəymiş ziyan tam müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, fəsadların tam aradan qaldırılması ilə bağlı təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Qeyd edilməlidir ki, Tovuz rayonunun sərhəd bölgəsində Ermənistanın hərbi təxribatı nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər operativ olaraq həyata keçirilir.