Xəbər verildiyi kimi, Milli Məclisdə 2021-ci il üzrə dövlət büdcəsniin müzakirələri davam edir.
FED.az-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə layihəsi ilə bağlı təkliflərini açıqlayıb.
Palata sədri çıxışında bildirib:
«Hörmətli cənab Baş Nazir, Sizin və hökumət üzvlərinin büdcə müzakirələrində iştirakından istifadə edərək növbəti ildə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı bəzi təkliflərimizi təqdim etmək istərdim.
«Büdcə vəsaitləri üzrə xərc normaları müəyyən edilməlidir»
İlk olaraq, mövcud resursların qanunauyğun icranın təmin edilməsi məqsədilə ayrı-ayrı xərc istiqamətləri üzrə xərc normalarını müəyyən edən və əvvəlki illər verilmiş qərarların təkmilləşdirilməsi və yeni aktların yaradılması ilə bağlı. Fikrimizcə, normativ-hüquqi aktlar bazasının bu istiqamətdə genişlənməsi büdcə vəsaitlərinin əsaslı proqnozlaşdırılmasına və qənaətli istifadəsinə böyük töhfə vermiş olacaq.
«Dövlət orqanlarında ştat sayı azaldılmalıdır»
Diqqətinizə çatdırmaq istədiyimiz digər məsələ - dövlət orqanlarının ştat sayının optimallaşması potensialının mövcud olması ilə bağlıdır. Belə ki, 2020-ci ildə yaşadığımız fərqli şərait və fəaliyyət göstərdiyimiz xüsusi iş rejimi bu potensialın mövcudluğunu göstərdi və ştat sayının optimallaşdırılması zamanı ştat sayının təşkilatın missiyası, qarşısında duran vəzifələrlə uyğunluğunun təmin edilməsinə də şərait yaratmalıdır.
«Eyni işi görüb, fərqli maaş alırlar»
Bu istiqamətdə qeyd etmək istədiyimiz digər bir məsələ büdcə təşkilatlarında çalışan əməkdaşların əməyinin ödənilməsi sisteminə yanaşmaya yenidən baxılması zərurətidir. Belə ki, xüsusilə müxtəlif dövlət orqanlarında eyni vəzifəni yerinə yetirən əməkdaşların əməyinin ödənilməsində fərqliliklər mövcuddur. Eyni kateqoriyada çalışanların əməyinin ödənilməsində olan bu fərqlilik qurumun daxilolmalarının formalaşdığı mənbələr, tətbiq edilən müxtəlif differensiasiya əmsalları və bu kimi digər faktorlar hesabına formalaşır.
«Dövlət tikintilərində qənaət etmək lazımdır»
Nəhayət, hesab edirik ki, tikinti sferasında, əməliyyat proseslərinin rəqəmsallaşmasında, xidmət xərclərinin hesablanmasında yanaşmaların dəyişdirilməsi dövlət vəsaitlərindən əhəmiyyətli qənaət edilməsi imkanlarını yaradar.
«Büdcəyə müsbət rəy vermişik»
Hörmətli millət vəkilləri, Şərəfli Vətən müharibəsindən qalib çıxmış bir dövlət olaraq Azərbaycan Respublikasının növbəti il üçün dövlət büdcəsi mövcud şəraitin nəzərə alındığı bir büdcədir. Ali Baş Kondanın sözlərini sitat gətirərək bildirmək istəyirəm ki, biz həm haqlıyıq, həm də güclüyük. Haqlı və güclü dövlətin büdcə layihəsinə Hesablama Palatası müsbət Rəy vermişdir. Rəyin müzakirələrdə millət vəkillərinə ətraflı və detallı məlumatlar təqdim edəcəyinə ümid edərək diqqətinizə görə təşəkkür edirəm.