Hesablama Palatası üzvlərinin vəzifə səlahiyyətlərinin icrası ilə bağlı hədiyyə qəbul etməsi qadağan edilir.
FED.az-ın “Modern.az”a istinadən məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.
Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatası üzvlərinin rəsmi tədbirlər zamanı verilən hədiyyələr istisna olmaqla, vəzifə səlahiyyətlərinin icrası ilə bağlı fiziki və hüquqi şəxslərdən hədiyyə qəbul etməsi qadağandır.
Rəsmi tədbirlər zamanı, o cümlədən Hesablama Palatasının üzvündən asılı olmayan səbəblərdən hədiyyə verildikdə, o, həmin hədiyyəni Hesablama Palatasına təhvil verməlidir.
Hesablama Palatasının üzvləri səlahiyyətlərini icra etdiyi müddət ərzində heç bir siyasi partiyanın üzvü də ola bilməzlər.
Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatasının üzvləri səlahiyyətlərini icra etdiyi müddət ərzində heç bir siyasi partiyanın üzvü ola bilməzlər. Hesablama Palatasının üzvləri vəzifəyə təyin edildiyi zaman siyasi partiyanın üzvü olduqları hallarda həmin partiyalarda üzvlüklərinə xitam verməlidirlər.
Qeyd edək ki, hazırda qüvvədə olan “Hesablama Palatası haqqında” qanunda belə bir müddəalar yer almayıb.
Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi gözlənilir.