Nazirlər Kabineti «Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları»na dəyişiklik edib.
FED.az xəbər verir ki, yeni qərara əsasən, bundan sonra dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək istəyənlər daha çox qohumu barədə məlumat verməli olacaqlar.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nda bir neçə dəyişiklik edilib.
Əvvəla, namizədlər müraciət zamanı fərdi identifikasiya nömrəsini (FİN) də göstərməli olacaqlar. Bundan başqa, namizəd ailə vəziyyəti və yaxın qohumları haqqında məlumatları təqdim edərkən ata-ana, qardaş-bacı, həyat yoldaşı, uşaqları, qayınata və qayınana ilə yanaşı, qayınlar və baldızları haqqında da məlumat verməli olacaqlar.