Azərbaycan hökuməti 2020-ci ilin dövlət büdcəsinin dəyişdirilməsinin səbəbləri və təfərrüatlarını açıqlayıb.
Eləcə də bax: Prezidentin ehtiyat fondu - ARTIRILIR
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, koronavirus pandemiyası dünya iqtisadiyyatına olduğu kimi Azərbaycan iqtisadiyyatına da ağır təsir edib.
Əvvəla, pandemiya səbəbindən dünyada neft kəskin ucuzlaşıb. «Azəri Layt» markalı xam neftin, hansı ki, büdcədə qiyməti 55 dollar götürülmüşdü, dünya bazarlarında satış qiyməti iyun ayında orta hesabla 38 dollar olub. Bu ilin əvvəlindəki qiymətdən 40,3%, büdcədə nəzərdə tutulan qiymətdən isə 24% azdır.
"Qeyd edilən proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmiş, ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olmuşdur. Cari ilin mart ayından başlayaraq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir"-deyə Nazirlik bildirir.
Bununla yanaşı, ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb.
Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi real ifadədə 2,7 faiz, o cümlədən qeyri neft-qaz ümumi daxili məhsulun həcmi 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən qeyri neft–qaz sektoru üzrə 15,5 faiz azalmış, kənd təsərrüfatı, informasiya və rabitə sahələri istisna olmaqla, ümumi daxili məhsulun strukturuna daxil olan digər sahələr üzrə azalma müşahidə olunub. 2020-ci ilin 1 iyul tarixinə ölkənin valyuta ehtiyatları 51,1 milyard ABŞ dollarına bərabər olub.
Doğrudur, hələlik büdcənin icrası ilə bağlı problem olmayıb.
Operativ məlumata əsasən 2020-ci ilin ilk altı ayında dövlət büdcəsinin mədaxili 11 684,5 milyon manat proqnoza qarşı 12 022,7 milyon manat və ya 2,9 faiz artıqlaması ilə icra olunub.
Büdcənin xərcləri də artıb. İlk 6 ayda dövlət büdcəsinin xərcləri 11 625,7 milyon manat proqnoza qarşı 11 730,8 milyon manat və ya 0,9% artıq icra edilib.
2020-ci ilin ilk altı ayında dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 58,8 milyon manat profisitdən 233,1 milyon manat çoxdur.
İqtisadi geriləmə 5%-ə çatacaq
İqtisadiyyat Nazirliyi may ayında cari ilin sonuna ümumi daxili məhsululn 3,8 faiz azalacağına dair verdiyi proqnozu iyul ayında yeniləyərək 5,0 faiz ətrafında qərarlaşacağını, “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza nisbətən (55 ABŞ dolları) 20 ABŞ dolları azalaraq 35 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
Pandemiya səbəbindən yaranan vəziyyəti nəzərə alaraq hökumət səhiyyə sahəsinin artan ehtiyaclarını ödəmək, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyi göstərmək, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün dövlət büdcəsinin xərclərinin artırılmasını qərara alıb.
Beləliklə, ilk altı ayın nəticəsinə görə gəlirlər üzrə artıq daxilolmalar da nəzərə alınmaqla cari ilin sonuna dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi üzrə daxilolmaların cəm olaraq 927,5 milyon manat azalması gözlənilir. Azalmanın (390 milyon manatı neft gəlirlərinin, 500,5 milyon manatı qeyri-neft gəlirlərinin, 37 milyon manat isə kəsirin maliyyələşdirilməsinin payına düşür.
Digər tərəfdən, yeni vəziyyəti nəzərə almaqla dövlət büdcəsinin xərcləri üzrə əlavə 1 371,5 milyon manata tələbat yaranıb.
Nəticədə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərini tarazlaşdırlması üçün 2 299 milyon manat maliyyə təminatının yaradılmasına ehtiyac var.
Bunu ödəmək üçün
- dövlət büdcəsinin qeyri-vergi və rüsum daxilolmaları 880 milyon manat artırılılacaq,
- dövlət büdcəsinin vacib olmayan xərclərinin ixtisarı və qənaət nəticəsində 774 milyon manata qənaət ediləcək,
- dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində əlavə genişləndiriləcək.
Nəticədə dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 124 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27 492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608 milyon manat artırılaraq 3 368,2 milyon manat təşkil edəcək.