“Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaqdır”.
FED.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, indi təqdim olunan təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır: "Onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək. Eyni zamanda, sahibkarlar da, əlbəttə, bir daha demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidirlər. Eyni zamanda, sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi də hesab edirəm ki, zəruridir, o cümlədən qeyd etdiyiniz sosial sahəyə aid olan məsələlər. Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz bunu dəfələrlə sübut etmişik.
Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir. Hesab edirəm ki, hətta pandemiya ilə əlaqəsi olmayan sahələrdə də islahatlar dərinləşməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək. Kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq”.