Aprelin 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən FED.az-a bildirilib ki, komitə sədri Tahir Mirkişili iclasda birinci oxunuşda 4 qanun layihəsinin müzakirəyə çıxarıldığını bildirib. Əvvəlcə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun layihəsi təqdim edilib.
Komitə sədri bildirib ki, layihə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub. Diqqətə çatdırılıb ki, 4 fəsil və 10 maddədən ibarət olan qanun layihəsində süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb.
Layihə ilə bağlı fikirlərini açıqlayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov dənizdə tökmə torpaq üzərində tikintinin aparılması ilə əlaqədar qanunvericiliyini təkmilləşdirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. O, mülkiyyət məsələlərinin tənzimlənməsi, şəhərsalma, ərazi planlaşdırılması, tikinti inzibatçılığı ilə bağlı məsələlərin həllinin zəruriliyindən danışıb.
Komitənin sədr müavini Əli Məsimli, üzvləri Mahir Abbaszadə, Vahid Əhmədov, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Aydın Hüseynov çıxış edərək sənədin iqtisadiyyatın davamlı inkişafı, turizm potensialının genişləndirilməsi, ekoloji problemlərin qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıblar.
Sonra Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihədə “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilərək tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na əlavə edilməsi təklif olunur. Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliyə əsasən, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Qanunla müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi məsələlər kimi müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunda tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi ilə əlaqədar dəyişiklik planlaşdırılır. Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbindən irəli gələrək gömrük nəzarəti zamanı Reyestrdən çıxarışın yoxlanılması ilə bağlı Gömrük Məcəlləsində müvafiq dəyişiklik edilir.
İclasda, həmçinin “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Tahir Mirkişili qeyd edib ki, layihədə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsi və bununla bağlı kompensasiyanın ödənilməsi, habelə qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələləri tənzimlənir.
Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, sənəddə bir neçə istiqamətdə dəyişikliklər nəzərdə tutulub. Qeyd olunub ki, layihədə ərizə üzrə məhkəmənin qərarının ötürülməsi ilə bağlı dəyişiklikdə “3 gün müddətində” sözləri “dərhal” sözü ilə əvəz edilir. Eyni zamanda, Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatı üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumu nəzərdə tutulur.
Müzakirə olunan qanun layihələrinin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.