Xarici İşlər Nazirliyi (XİN) nazir Ceyhun Bayramovla İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini və İran İslam Respublikası Prezidentinin xüsusi elçisi Seyid Abbas Araqçının görüşünə dair məlumat yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən FED.az-a verilən məlumata görə, bu ilin 28 oktyabr tarixində C. Bayramov Seyid Abbas Araqçını qəbul edib.
Tərəflər Azərbaycan və İran arasında mövcud yüksək səviyyəli əməkdaşlığı vurğulayıblar və gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyi ilə bağlı əminlik ifadə ediblər.
Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi ətraflı şəkildə müzakirə ediblər.
Nazir Ceyhun Bayramov bölgədə son gərginlik, Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan Baş nazirinin bölgədə gərginliyin artması məqsədini güdən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları barədə İran Prezidentinin xüsusi elçisinə məlumat verin. Nazir Azərbaycanın Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində və Azərbaycanın mülki əhalisini qorumaq məqsədilə əks həmlə tədbirlərini həyata keçirdiyini bildirib.
Nazir Ceyhun Bayramov xüsusi olaraq vurğulayıb ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəf alır. O, münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərin, uşaq və qadınlar daxil olmaqla günahsız mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə atəşə tutulduğunu qeyd edib.
Nazir Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəfələrlə bildirildiyi kimi, ölkəmizin başlıca məqsədinin xarici silahlı qüvvələrin Azərbaycanın suveren torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində bərpa edilməsi olduğunu vurğulayıb.
Xüsusi elçi Seyid Abbas Araqçı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha vurğulayıb. İran Prezidentinin xüsusi elçisi mülki şəxslərin həyatının itirilməsi ilə bağlı başsağlığını ifadə edib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünə İranın dəstəyi ilə bağlı həmsöhbətinə minnətdarlığını ifadə edib.
Görüşdə, həmçinin tərəflər qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə ediblər.