Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.
Eləcə də bax: Ceyhun Bayramov Avropa İttifaqının ali nümayəndəsilə - Telefonla Danışıb
FED.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov bölgədəki son gərginliklə bağlı məlumat verib. O, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket atəşinə tutulmasını qeyd edib. Ermənistanın mülki şəxsləri atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı qarşı tərəfə məlumat verən nazir, bu günədək 24 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi, 111 nəfərin isə yaralandığını bildirib. Vurğulanıb ki, bölgədəki gərginliyin tam məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.
Cozef Borel bölgədə gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi vacibdir.