Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, prezident İlham Əliyevin çağırışına səs verən 23 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkə vətəndaşlarına göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkür edib.
Xidmət bildirib ki, koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün vətəndaşlar öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” - https://exidmet.seferberlik.gov.az/Volunteer/Service - elektron xidməti vasitəsilə həyata keçirmələrini tövsiyə edir.