Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Ben Salman Əl Səud qarşıdakı 5 ildə Yaxın Şərqin iqtisadiyyatını tamamilə dəyişəcəyini vəd edib. FED.az xəbər verir ki, Ər-Riyadda keçirilən və «Səhrada Davos» adlandırılan “Future İnvestment İnitiative” investisiya forumunda çıxış edən şahzadə bildirib ki, bu müddətdə təkcə Səudiyyə Ərəbistanı deyil, regiondakı başqa ölkələr də dəyişəcək:
«Bəhreyn, Küveyt, hətta Qətər, bizim iqtisadiyyatlarımızın fərqinə baxmayaraq, dəyşəcək. İordaniya, Misir və İraq da dəyişəcək- əsl renessans baş verəcək. Mən artıq Yaxın Şərqi dünyanın kənarında görmək istəmirəm» - deyə ölkəsinin İstanbuldakı konsulluğunda jurnalistin öldürülməsində birbaşa əlinin olduğu iddia edilən Səudiyyə şahzadəsi bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın islahatlarını nəzərdə tutan «Vision 2030» planına görə, dünyanın ən böyük neft şirkəti sayılan «Saudi Aramco»nun bir hissəsi özəlləşdiriləcək, hazırda neft-qazdan asılı olan ölkə iqtisadiyyatı şaxələndiriləcək. Eləcə də Səudiyyə bütün dünyada energetika, infrastruktur və texnologiya layihələrinə yatırımlar edəcək.
Qeyd edək ki, investisiya forumu oktyabrın 23-25-də keçirilir. Amma Səudiyyəli jurnalist Haşkaçinin öldürülməsindən və buna Səudiyyənin yüksək rəhbərləyinin aidiyyatı olması ilə bağlı xəbərlər yayıldıqdan sonra bəzi iri şirkətlər foruma qatılmaqdan imtina ediblər.