Azərbaycanın büdcə təşkilatları 2019-cu ildə 75 milyon manat səmərəsiz xərcə yol veribər.
Eləcə də bax: Hesablama Palatası 600-ə yaxın nöqsan - AŞKAR EDİB
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin komitə iclasında Hesablama Palatasının 2019-cu ildə fəaliyyətinə dair Hesabatı ilə bağlı çıxışında bildirib.
Onun sözlərinə görə, büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir: «Hesabat ilində səmərəlilik auditi ilə yanaşı, son illərdə olduğu kimi, səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırmışıq və biz bu əməliyyatları ümumilikdə 75,0 mln.manat məbləğində qiymətləndirmişik».
Qeyd edək ki, səmərəsiz istifadə dedikdə, ayrılan vəsaitin il ərzində istifadə edilməməsi və sair hallar nəzərdə tutulur: «Tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə oluna biləcək alış və xidmətlərin həyata keçirilməməsi, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilənin münasib şərtlərinin seçilməməsi, dövlət proqramında müəyyən edilmiş hədəflərə nail olunmaması və ya qismən nail olunması və s. bu hallardan sayılır».
Palata sədri belə halların qarşısınn alınması üçün qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac olduğunu bildirib: «Hesab edirik ki, bu sahədə nəzarətin gücləndirilməsi üçün büdcə qanunvericiliyində səmərəsiz (qeyri-effektiv) xərcləmə anlayışının və müvafiq məsuliyyətin müəyyən edilməsinə ciddi ehtiyac vardır».