Xəbər verildiyi kimi, Prezident İlham Əliyev «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
FED.az xəbər verir ki, dəyişikliklərdə digər məsələlərlə yanaşı maliyyə monitorinqi orqanının işçiləri ilə bağlı tələblər və onların səlahiyyətləri də açıqlanır.
Belə ki, qanuna əsasən maliyyə monitorinqi orqanının işçiləri
- elmi, yaradıcılıq fəaliyyəti və maliyyə monitorinqi orqanının rəhbərinin, maliyyə monitorinqi orqanının rəhbərinin isə müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmamalı,
- maliyyə monitorinqi orqanının rəhbərinə, maliyyə monitorinqi orqanının rəhbərinin isə müvafiq icra hakimiyyəti orqanına bildirmədən xarici ölkənin və ya beynəlxalq təşkilatın vəsaiti hesabına xarici ölkəyə səfər etməməli,
- vəzifələrinin icrası ilə əlaqədar dövlət sirri və qanunla mühafizə edilən digər sirr də daxil olmaqla, onlara məlum olmuş və xidməti fəaliyyətinə dair məlumatı həmişə, o cümlədən maliyyə monitorinqi orqanı ilə əmək münasibətlərinə xitam verildikdən sonra da saxlamalı və qanunla müəyyən olunmuş hallar istisna olmaqla bu məlumatı açıqlamamalı, habelə üçüncü şəxslərin xeyrinə istifadə etməməli,
- vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmaq, bu zaman irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidirlər.
Bundan başqa, qanuna görə, maliyyə monitorinqi orqanının işçiləri (o cümlədən rəhbəri) xidməti vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımırlar, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübut edilməsin.