Bu gündən etibarən Azərbaycanda hərbi vəziyyət elan olunub.
FED.az xatırladır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycana qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq prezident İlham Əliyevin fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilib.
Eləcə də bax: Düşmənin 550 nəfərdən çox itkisi var - Müdafiə Nazirliyi açıqladı
Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək.
Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.
Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib. Xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinə komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycanın Konstitusiyasına, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan qanunlarına uyğun olaraq tətbiq edilir.
Fərmanda Xarici İşlər Nazirliyinə tapşırılıb ki, BMT və Avropa Şurasını Azərbaycanda hərbi vəziyyət elan edilməsi və onun səbəbləri barədə məlumatlandırsın.