Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün üç rayona yeni icra başçısı təyin edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə Araz Əhmədov gətirilib. Başçı postu boş olan Göygöl və Lerik rayonlarına isə müvafiq olaraq Elvin Paşayev və Əkbər Abbasov təyinat alıb.
Eləcə də bax: Prezident daha iki rayonun icra başçısını dəyişdi - SƏRƏNCAMLAR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinə təyin olunan yeni başçı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub. Araz Əhmədov xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib. A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub.
Göygöl rayonuna yeni icra başçısı təyin edilən Elvin Paşayev isə bu təyinatadək Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsini tutub. O, daha əvvəl Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi fəaliyyət göstərib. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.
Fotoda: Elvin Paşayev
Lerikin yeni icra başçısı Əkbər Abbasov da Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olub. O, bu təyinata qədər nazirliyin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 34 yaşlı Ə.Abbasov respublikanın ən gənc icra başçılarından sayıla bilər. O, İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Tələbəlik illərində Prezident təqaüdçüsü olub.
Fotoda: Əkbər Abbasov