Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı.
FED.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
Bunun səbəbləri barədə danışan dövlətimizin başçısı bildirib: “Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”. Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, buna görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu götürmür, bu günü götürmür.
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında. Yəni, gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar.